Səhiyyə Nazirliyinin Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində həyata keçirdiyi maarifləndirici silsilə görüş Xəzər Universitetində baş tutub. Tələbələr üçün orqan donorluğunun əhəmiyyətinə həsr edilən məlumatlandırıcı söhbət aparılıb.
Tədbiri giriş sözü ilə Xəzər Universitetinin Təbiət elmləri və Mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyeva açaraq gənclərin bu istiqamətdə maarifləndirilməsinin vacibliyini qeyd edib.
Daha sonra Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiya Mərkəzinin İdarə heyətinin sədri Yeganə Abbasova çıxış edərək orqan donorluğunun insan həyatının xilas olunmasında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, müasir tibbdə donor orqanına olan ehtiyacın davamlı olduğunu bildirib.
Ardınca mərkəzin həkim- koordinatoru Mehriban Əliyeva donor olmaq üçün tələb olunan tibbi göstəricilər, müayinə prosesi və digər vacib qaydalar barədə məlumat verib. O, donorluqla bağlı cəmiyyətdə yayılmış bəzi yanlış fikirlərin elmi əsaslara söykənmədiyini vurğulayıb.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbirin yekununda çıxışçılar könüllü donor olaraq aksiyaya qoşulublar və tələbələr də bu təşəbbüsə böyük maraq göstəriblər.